QAN YADDAŞI
20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixində mühüm mərhələdir
Bakı, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixində mühüm mərhələdir.
Şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edən paytaxt sakinlərindən biri də Xatirə İsgəndərovadır.
AZƏRTAC-a müsahibəsində X.İsgəndərova bildirmişdir ki, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar siyasətinə və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığına baxmayaraq xalqımız müstəqillik uğrunda apardığı mübarizədən dönmədi.
X.İsgəndərova, həmçinin vurğulamışdır ki, bu hadisə həm də xalqımızın müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü uğrunda mübarizəsinin, dünyanı heyrətə gətirən mərdliyinin, igidliyin böyük təntənəsidir.
Şəhidlərimiz xalqın qəlbində əbədi yaşayırlar. Onların rəşadəti gələcək nəsillər üçün əsl vətəndaşlıq məktəbidir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.