20 Yanvar faciəsi İordaniya mətbuatının diqqət mərkəzində
Əmman, 21 yanvar, AZƏRTAC
İyirmi Yanvar hadisələri ilə bağlı həqiqətlərin İordaniya ictimaiyyətinə çatdırılması məqsədilə yerli mətbuatda məqalələr dərc edilib.
Azərbaycan səfirliyi tərəfindən yanvarın 20-də İordaniyanın nüfuzlu KİV-lərindən olan “Əl-Ray”, “Əl-Dustur” və “Əl-Diyar” qəzetlərində, habelə “Əl-Uruba” xəbər agentliyində “Azərbaycan bu ay 1990-cı il sovet təcavüzünün ildönümünü qeyd edir" və “Keçmiş sovet rejiminin Azərbaycana qarşı təcavüzünün ildönümü ilə əlaqədar Azərbaycan səfirliyinin bəyanatı” adlı yazılar verilib.
Bəyanatda Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əməli qətiyyətlə pislənməklə yanaşı, bildirilir ki, yanvarın 20-də Azərbaycan xalqının milli müstəqillik hərəkatında mühüm mərhələ olan Qanlı Yanvar faciəsinin 26-cı ildönümü tamam olur. Bu, keçmiş Sovet İttifaqı rəhbərlərinin imperiyanı saxlamaq naminə öz xalqına qarşı törətdiyi ən qanlı cinayətlərdən biridir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet tankları və qoşunu Azərbaycanın Bakı şəhərinə daxil olaraq günahsız insanlara hücum edib, uşaqlara, qadınlara və qocalara fərq qoymadan xeyli sayda insanı qətlə yetirib. Bu qanlı hadisələr zamanı təxminən yüzlərlə dinc sakin yaralanıb, yüzlərlə insan həbs edilərək fiziki təzyiqə və işgəncələrə məruz qalıb. Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü olan 1990-cı ilin 20 yanvarı tarixə həm də Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi kimi düşüb.
Yazılarda bildirilir ki, bu qanlı müdaxilənin məqsədi Azərbaycan xalqının müstəqillik arzusunu boğmaq və kommunist rejiminin məhvinin qarşısını almaq idi. Sovet rəhbərliyi bütün cəhdlərə baxmayaraq, xalqın azadlıq mübarizəsini dayandıra bilmədi və bu hadisədən cəmi iyirmi ay sonra Azərbaycan öz müstəqilliyini bərpa etdi. Qara Yanvar Sovet İttifaqının rəhbərləri tərəfindən törədilən terrordan qorxmayan insanların əsl mərdlik və mübarizlik nümunəsinə çevrildi. Qanlı Yanvardan 26 il keçməsinə baxmayaraq hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanları böyük hörmət və ehtiramla anır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman