20 Yanvar faciəsi qan yaddaşımızdır
Zaqatala, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın istiqlal tarixi çox faciələr görüb. Lakin qanlı 20 Yanvar hadisələri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaq. Bu, keçmiş sovet hərb maşınının azərbaycanlılara yönəlmiş amansız terror aktı idi. Xalqımızın qürur mücəssəməsinə çevrilən 1990-cı ilin 20 Yanvar hadisələrindən 36 il ötsə də, insanlarımız bu dəhşətli faciənin ağrı-acısını unutmurlar. 20 Yanvar xalqımızın milli azadlıq hərəkatının yüksəliş zirvəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də Zaqatala şəhərində keçirilən “20 Yanvar faciəsi qan yaddaşımızdır” adlı tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə şəhidlərin xatirəsinə ucaldılan kompleksin önünə qərənfillər düzüb, Vətənimizin azadlığı uğrunda şəhid olan qəhrəman oğul və qızların xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qanlı Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.
Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə məlumat veriblər. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədi ilə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilib.
Məruzə və çıxışlarda faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, faciə zamanı əlil olanlara dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Xalqımız öz qəhrəman övladlarının fədakarlığını yüksək qiymətləndirərək, hər il yanvarın 20-də onların xatirəsini dərin ehtiramla yad edir.