20 Yanvar faciəsi qurbanlarının xatirəsi Liviyada anılmışdır
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsindəki səfirliyində 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Liviyada yaşayan və təhsil alan soydaşlarımız və səfirliyin kollektivi iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Səfir A.Şükürov bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin mahiyyətindən danışmış, bu qanlı hadisələrin Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olduğunu, onun yenilməzliyini, qəhrəmanlığını, Vətənə sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdiyini bildirmişdir.
Qanlı Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri yüksək qiymətləndirilmişdir.
20 Yanvar faciəsinin ildönümünün dünya azərbaycanlıları tərəfindən hər il qeyd olunmasının xalqımızın öz tarixini unutmadığına əyani sübut olduğu diqqətə çatdırılmış, bu tarixin dünya ictimaiyyətinə daha yaxından tanıdılmasının hər bir azərbaycanlının ən başlıca məqsədlərindən olduğu vurğulanmışdır.
Gündən-günə daha da çiçəklənən, beynəlxalq aləmdə sürətlə artan nüfuza malik olan Azərbaycanın ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə ən böyük abidə olduğu qeyd edilmişdir.
Tədbirdə Azərbaycan rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səyləri barədə məlumat verilmişdir.
Bundan əlavə, səfirliyin 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar hazırladığı press-reliz Liviyanın Xarici İşlər Nazirliyi və aparıcı kütləvi informasiya vasitələrinə, ölkədəki diplomatik nümayəndəlik və konsulluqlara göndərilmişdir.
Eyni zamanda, səfirliyin təşəbbüsü ilə Liviyanın “Sabah Oya” qəzetinin 20 yanvar 2011-ci il tarixli nömrəsində “Odlar Yurdu” başlıqlı məqalə dərc edilmişdir.