20 Yanvar faciəsi qurbanlarının xatirəsi Serbiyada da yad edilib
Belqrad, 21 yanvar, AZƏRTAC
Azərbaycanın Serbiyadakı səfirliyində qanlı Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin təmsilçiləri, bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri, təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər və Belqrad şəhərinin müsəlman icmasının nümayəndələri iştirak ediblər.
20 Yanvar qırğınını əks etdirən fotoguşə ilə tanış olan tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüzdən söhbət açan ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə gülləbaran edilməsindən danışıb. Faciə zamanı onlarla insanın qətlə yetirildiyini və yüzlərlə insanın isə yaralandığını deyən E.Həsənov ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvar 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulayıb. Qeyd edib ki, həmin hadisələrə müstəqil Azərbaycan dövləti tərəfindən məhz Ulu Öndərin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymət verilib. Səfir faciə zamanı milli azadlıq yolunda şəhid olmuş qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əminliyini bildirib.
Sonda “Azadlığa aparan yol” sənədli filmi nümayiş etdirilib.
Səfirlik tərəfindən hazırlanmış, 20 Yanvar hadisələrinin səbəb və nəticələrini özündə əks etdirən məlumat toplusu, eləcə də Azərbaycan ombudsmanının faciə ilə bağlı bəyanatı xarici ölkələrin Belqraddakı səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə, Serbiyanın dövlət strukturları və qeyri-hökumət təşkilatlarına göndərilib və yerli KİV-lərdə yayılıb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad