20 Yanvar faciəsi qurbanlarının xatirəsi Seulda anılıb
Seul, 21 yanvar, AZƏRTAC
Azərbaycanın Koreya Respublikasındakı səfirliyi paytaxt Seulda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirib.
Koreyanın ictimai-siyasi xadimləri, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri, bir sıra ali təhsil ocaqlarının professor və müəllim heyəti, həmçinin “BUTA” Azərbaycan-Koreya Tələbə Təşkilatının üzvlərinin iştirak etdikləri anım mərasimi 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov 20 Yanvar faciəsi ilə bağlı tədbir iştirakçılarına məlumat verib.
Səfirliyin müşaviri Vaqif Cəfərov 20 Yanvar faciəsinin tarixi, səbəbləri və nəticələri barədə danışıb, dünya ictimaiyyətinin faciə ilə bağlı nümayiş etdirdiyi mövqe barədə məlumat verib.
V.Cəfərov keçmiş SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar hadisələrinə bənzər olayların digər respublikalarda da törədildiyini qeyd edib, miqyası və qəddarlığına görə ən dəhşətlisinin isə məhz Azərbaycanda baş verdiyini vurğulayıb.
Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş qısametrajlı film və fotolar nümayiş etdirilib, faciə ilə əlaqədar broşür və məlumat vərəqələri paylanılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul