20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Yanvarın 17-də Azərbaycan Dövlət Neft Şirkətində qanlı 20 Yanvar faciəsinin 13-cü ildönümü ilə əlaqədar xatirə mərasimi keçirilmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti Söhrab Salmanov demişdir ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən misli görünməmiş cinayət bəşəriyyət tarixində oxşarı olmayan hadisədir. Azərbaycan xalqı uzun illər sovet dövlətinin qorunmasında və inkişafında məhrumiyyətlərə dözə-dözə misilsiz xidmətlər göstərsə də, əvəzində imperiya qoşunları Bakıya yeridildi, günahsız insanlar, hətta qocalar, qadınlar və uşaqlar da vəhşicəsinə öldürüldü.
Daha sonra natiq demişdir ki, başda riyakar və ikiüzlü Mixail Qorbaçov olmaqla sovet rəhbərliyi məkrli siyasətlə Azərbaycan xalqının azadlıq ruhunu qırmaq üçün onun övladlarını qanına qəltan etdirsələr də məqsədlərinə çata bilmədilər. Bu qanlı cinayətdən sonra Azərbaycan xalqı düşmənlərini tanıdı, onun öz müstəqilliyi uğrunda mübarizəsi gücləndi... O ümumxalq faciəsi günlərində amansız hərbçilərin ardı-arası kəsilməyən atəşləri altında gəmilərimiz gecə-gündüz bu xəyanət barədə SOS siqnalları verdi. O məşum Yanvar gecəsində neftçilərimizdən üç nəfər şəhid, 10 nəfər isə əlil oldu. Belə bir məqamda Azərbaycanın səsi heç bir yana çatmayanda xalqımızın böyük oğlu Heydər Əliyev həyatı üçün təhlükənin mövcud olduğu bir vaxtda, ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək jurnalistlər qarşısında çıxış etdi və xalqımızın faciəsini bütün dünyaya çatdırdı...
Mərasimdə Milli Məclisin deputatı, Vüqar Rəhimzadə, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, şirkətin işçilərindən Vasif Əliyev, Məmmədəli Məmmədzadə və Əhməd Mustafayev və başqaları çıxış edərək Qanlı Yanvar faciəsi barədə öz mülahizələrini söylədilər və qeyd etdilər ki, Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən Vətən övladlarının xatirəsi xalqımızın yaddaşında yaşayacaqdır.