QAN YADDAŞI
20 Yanvar faciəsinin 23-cü ildönümü Haaqa şəhərində qeyd olunmuşdur
Bakı, 21 yanvar (AZƏRTAC). Hollandiyanın Haaqa şəhərində “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi və Türk-Azərbaycan Niderland Kültür Dərnəyi 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar birgə mərasim keçirmişlər. Tədbirdən əvvəl Haaqada yerləşən Xocalı şəhidlərinin monumenti ziyarət edilmiş, önünə əklillər qoyulmuşdur.
Haaqadakı “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, anma mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş və dualar oxunmuşdur. Yerli və türk mətbuatı nümayəndələrinin də iştirak etdiyi mərasimdə 20 Yanvar hadisələrini əks etdirən fotoeksponatlar, film nümayiş etdirilmişdir. Tədbirdə “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva çıxış edərək 20 Yanvar faciəsi haqqında məlumat vermişdir. Qeyd edilmişdir ki, şəhidlərimiz heç zaman unudulmayacaqdır.
Türk-Azərbaycan Niderland Kültür Dərnəyinin sədri İlhan Aşkın çıxış edərək Azərbaycan xalqının 20 Yanvar şəhidlərinin əziz xatirəsini hər zaman qürurla yad edəcəyini bildirmişdir.
Tədbirdə Azərbaycanın Niderlanddakı səfirinin birinci müavini Elxan Ələsgərov, baş konsul Adil Süleymanov, müstəqil jurnalist Elnaz Sangin, 20 Yanvar hadisələri vaxtı Bakıda, indi isə Hollandiyada yaşayan həkim Kərim Abbasov və şəhid Kamil Yusifovun xanımı Nərminə Yusifova çıxış etmişlər. Şəhidlərin anma mərasimi çay ehsanı ilə başa çatmışdır.