20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Praqada fotosərgi açılıb
Praqa, 21 yanvar, AZƏRTAC
Azərbaycan Tələbə Şəbəkəsinin Çexiyadakı filialının təşkilatçılığı ilə Praqanın Karl Universitetində “Müstəqilliyə aparan yol: Azərbaycan və Litva” adlı fotosərginin açılışı olub.
Sərginin açılış mərasimində Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Litvanın bu ölkədəki səfiri və Azərbaycan Tələbə Şəbəkəsinin Çexiya filialının rəhbəri Eldar Vəliyev çıxış ediblər.
Səfir F.Şəfiyev 1990-cı ilin 20 Yanvar faciəsi haqqında toplantı iştirakçılarına məlumat verib, faciəvi hadisələrin tarixindən söhbət açıb.
Fevralın 3-dək davam edəcək sərgi qeyd olunan ölkələrin xalqlarının müstəqillik mübarizəsinin yatırılması məqsədilə keçmiş sovet qoşunlarının bu ölkələrə yeridilməsi və mülki əhaliyə qarşı törədilmiş amansız cinayətlərdən bəhs edir. Sərgidə, həmçinin 1990-cı il yanvarın 20-də Bakıda dinc əhaliyə qarşı törədilmiş qırğını əks etdirən fotolar da yer alıb.
Sərginin açılış mərasimində yerli ictimaiyyətin nümayəndələri, Azərbaycan icmasının üzvləri və tələbələr iştirak ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa