20 Yanvar hadisələri xalqımızın azadlıq mübarizəsinin ən parlaq səhifələrindən biridir
Qax, 20 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 36 il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin 36-cı ildönümü Qax rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi anılıb.
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də Qax rayon ictimaiyyətinin, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri səhər saatlarından etibarən axın-axın Şəhidlər xiyabanına gələrək, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə, həmçinin Qarabağ müharibəsində canlarından keçmiş igid həmyerlilərinin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ruhuna dualar oxuyublar.
Anım mərasimində bildirilib ki, 20 Yanvar hadisələri müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biridir. Həmin hadisələrdən 36 il ötsə də, Azərbaycan xalqına qarşı törədilən bu terror aktı bəşər tarixində insanlığa qarşı ən ağır cinayət olaraq qalacaq.
Saat 12:00-da rayonun bütün yaşayış məntəqələrində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.