20 Yanvar şəhidlərinin əziz xatirəsi həmişə qürurla anılacaqdır
Strasburq, 22 yanvar (AZƏRTAC). 20 Yanvar şəhidlərinin əziz xatirəsi həmişə qürurla anılacaqdır. Bu fikri xalqımızın şanlı tarixində əbədi iz qoyan qanlı 20 Yanvar faciəsi ilə bağlı Azərbaycanın Fransadakı səfirliyində keçirilən toplantıda səfir Elçin Əmirbəyov səsləndirmişdir.
Səfir bildirmişdir ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək paytaxt Bakının küçə və meydanlarında etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda dəhşətli faciəyə gətirib çıxarmışdır. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Qeyd edilmişdir ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi M.Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirmişdir.
Diplomat bildirmişdir ki, bu dəhşətli hadisədən sonra Azərbaycan xalqı öz haqq səsini dünyaya çatdırmaq istəsə də, imperiya rəhbərliyi hər vəchlə bunun qarşısını almağa çalışmışdır. Lakin buna baxmayaraq, ümummilli lider Heydər Əliyev öz mərdliyi hesabına bu informasiya blokadasını qırmağa müvəffəq olmuşdur. Ulu öndər faciədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini pisləyən bəyanatla çıxış etmiş, xalqımızın haqq səsini dünyaya çatdırmışdır.
Diqqətə çatdırılmışdır ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini ölkəmiz hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edir. Mərdlik timsalı olan şəhidlərə Allah rəhmət eləsin!
Mərasim iştirakçıları - diasporumuzun təmsilçiləri, səfirliyin əməkdaşları və Parisin müxtəlif ali təhsil ocaqlarında təhsil alan tələbələr Azərbaycanın azadlığı və müstəqilliyi naminə 23 il öncə yanvarın 20-də həyatlarını qurban verənlərin xatirəsinə ehtiram əlaməti olaraq Parisin Aleksandr körpüsü önünə əklil qoymuş və yüzdən artıq al rəngli qərənfilləri Sena çayında axıtmışlar.
Mərasimin sonunda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq