20 Yanvar şəhidlərinin qəhrəmanlığı gənclər üçün əsl vətənpərvərlik nümunəsidir
Bakı, 20 yanvar, AZƏRTAC
Bu gün 20 yanvar faciəsindən 30 il ötür. Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini yad etmək üçün 20 Yanvar meydanındakı Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini öz övladlarımla birgə ziyarətə gəlmişəm.
Qanlı Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsini ən parlaq şəkildə əks etdirən qəhrəmanlıq salnaməsidir. Bu gün ölkəmizin hər bir vətəndaşı şəhidlərimizin məzarlarını ziyarət etməyə borcludur. Şəhidlərimizin qəhrəmanlığı gənclərə əsl vətənpərvərlik nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində abidə kompleksini ziyarətə gələn paytaxt sakini Samirə Əhədova deyib.
S.Əhədova bildirib ki, bu gün hər bir gəncimiz vətənpərvər olmalı, 20 Yanvarın tariximizdəki yerini və rolunu dərindən bilməlidirlər. İstər Azərbaycanda, istərsə də xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanımızın tarixinə qanlı hərflərlə yazılmış bu günü və şəhidlərimizi unutmamalıdırlar. Çünki 20 Yanvar bizim qanlı keçmişimizdir. Onlar Vətən uğrunda şəhid olublar. Həmin faciəli günlərdə Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
“20 Yanvar faciəsindən 30 il ötsə də şəhidlərimizin əziz xatirəsi daim ən yüksək ehtiramla yad olunur. 20 Yanvar şəhidləri xalqımızın azadlıq arzularının reallaşması üçün canlarından keçiblər. Xalqımız onları heç vaxt unutmayacaq. Qoy, şəhidlərimiz rahat uyusunlar. Çünki onların azadlığı uğrunda canlarından keçdiyi Vətənimiz bu gün inkişaf edir. Dövlətimiz tərəfindən hazırda şəhid ailələrinə də yüksək qayğı göstərilir. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət bu gün şəhid ailələrinin də rifahını yaxşılaşdırır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşır”, - deyə S.Əhədova söyləyib.