20 Yanvar şəhidlərinin xatirəsi Brüsseldə yad edilmişdir
Brüssel, 21 yanvar (AZƏRTAC). Yanvarın 20-də “Belçika Azərbaycanlıları Cəmiyyəti” tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Mərasimdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Azərbaycanın dövlət himni səsləndirilmiş, qanlı hadisələrin görüntülərini əks etdirən videomaterial nümayiş olunmuşdur.
Səfir Fuad İsgəndərov və Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim mərasimdə çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu faciənin Azərbaycan tarixində yeri barədə geniş məlumat vermişdir. Natiqlər sovet ordusunun törətdiyi bu qanlı cinayətin keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirdiyini, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd etmişlər.
Tədbirdə çıxış edən digər məruzəçilər 20 Yanvar şəhidlərinin müstəqillik üçün canlarından keçdikləri fikrini vurğulayaraq, Azərbaycan dövlətçiliyinin daim qorunmasının, ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminlik bildirmişlər.
Mərasimdə Belçikada yaşayan Azərbaycan və türk icmasının təmsilçiləri, KİV nümayəndələri, azərbaycanlı tələbələr, səfirlik və NATO yanında nümayəndəliyimizin əməkdaşları iştirak etmişlər.
Tədbir Brüsseldə fəaliyyət göstərən “EU Reporter” xəbər agentliyində işıqlandırılmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel