20 Yanvar şəhidlərinin xatirəsi tanınmış Los-Anceles muzeyində anılıb
Los-Anceles, 21 yanvar, AZƏRTAC
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı anım mərasimi təşkil edib.
Mərasim Los-Ancelesin tanınmış muzeylərindən olan Vende Muzeyində keçirilib. Vende Muzeyi “Soyuq müharibə” illəri ilə bağlı nadir eksponatların nümayiş olunduğu muzeylərdən biridir.
Mərasimdə ATƏT-in Minsk qrupunun 2001-2004-cü illərdə ABŞ-dan olan həmsədri səfir Rudolf Perina, Los-Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin diplomatları, elm və mədəniyyət xadimləri, yerli universitetlərin əməkdaşları, icma üzvləri və digərləri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları Qara Yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad ediblər. Muzeyin icraçı direktoru Castin Cəmpol Vende Muzeyinin belə bir önəmli tədbirə ev sahibliyi etməsindən qürur hissi keçirdiyini vurğulayıb.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək 20 Yanvar hadisələri barədə məlumat verib və həmin hadisələr zamanı sovet qoşunları tərəfindən böyük sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd edib. Diplomat ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə pisləməsini diqqətə çatdırıb və bunun Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini daha da ilhamlandırdığını bildirib.
Baş konsul qeyd edib ki, bu qəddarlığı həyata keçirən sovet rejimi Azərbaycan xalqının azadlıq arzularını boğmaq niyyətində olsa da, öz məqsədinə çata bilməyərək tam iflasa uğradı və Azərbaycan dövlət müstəqilliyini tezliklə bərpa etdi.
Müstəqilliyinin bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan baş konsul Azərbaycanın mövqelərinin həm regional, həm də qlobal səviyyədə möhkəmləndiyini bildirib və ölkəmizin müstəqilliyinin güclü və dönməz xarakter aldığını diqqətə çatdırıb.
Sonra çıxış edən amerikalı keçmiş diplomat, Kaliforniyanın San Dieqo Universitetinin (UCSD) professoru Ceyms Koyl bu hadisənin tarixi önəmindən danışaraq Qara Yanvar faciəsinin SSRİ-nin süqutunun başlanğıcını qoyduğunu vurğulayıb.
Çıxışlardan sonra baş konsulluq tərəfindən hazırlanmış “Qara Yanvar: Azərbaycanın azadlığına gedən yol” adlı sənədli film nümayiş olunub. Həmçinin, CNN televiziya kanalının faciə ilə bağlı reportajı göstərilib.
Tədbirin sonunda klassik bəstəkarların həzin ruhlu əsərlərindən nümunələr səsləndirilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los-Anceles