REGİONLAR
Tovuzda “Azərbaycan aşıq sənəti” adlı tematik sərgi açılıb VİDEO
Tovuz, 20 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda Aşıq Hüseyn Bozalqanlı adına aşıq sənəti muzeyində xalq rəssamlarının “Azərbaycan aşıq sənəti” adlı tematik sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edənlər aşıq sənətinin rəssamların əsərlərində əks olunmasından danışıblar. Bildirilib ki, xalq rəssamları Arif Hüseynovun və Siruz Mirzəzadənin əsərlərində xalqımızın qopuzlu dünyasına müraciət davamlı və daha əhatəli olub. Özündə ənənə ilə müasirliyi qovuşduran bu lövhələrin hər birində müşahidə olunan vətənpərvərlik ruhu rəssamların Azərbaycanımıza - onun əvəzolunmaz mənəvi dəyəri olan saza, aşıq sənətinə sonsuz sevgi və ehtiramını göstərir.
Sonra Nizami adına mədəniyyət evində Azərbaycan Televiziyası Telefilm yaradıcılıq birliyinin istehsalı olan aşıq Mikayıl Azaflıya həsr edilən “Qoca qartalın əbədi uçuşu” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Milli Məclisin Mədəniyyət Komitəsinin dəstəyi ilə nümayiş olunan ekran əsərində Mikayıl Azaflının keçdiyi keşməkeşli ömür yolu, Azərbaycan aşıq sənətinin inkişafında, coğrafi hüdudlarının genişlənməsində oynadığı əvəzsiz rolu işıqlandırılıb. Quruluşçu rejissoru Elnurə Kazımova olan filmin çəkilişləri əsasən Tovuz rayonunda, Əsrik çayının sahillərində, Mikayıl Azaflının qaçaq olduğu Şişqaya deyilən dağda, aşığın ana yurdu Azaflı kəndində, eləcə də Cirdək, Qaralar, Əlimərdanlı və digər kəndlərdə aparılıb.