Obalar qurulur, yurd yerləri salınır – II Milli Yaylaq Festivalına sayılı günlər qalır VİDEO
Göygöl, 19 iyul, Elcan Məmmədov, AZƏRTAC
İyulun 29-31-də Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında keçiriləcək II Milli Yaylaq Festivalına hazırlıq işləri sürətlə davam edir. Festivalın keçiriləcəyi ərazidə yollara asfalt örtüyü salınır, yurd yerləri və digər tematik sahələrin qurulması prosesi həyata keçirilir.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Milli Yaylaq Festivalının layihə rəhbəri və ideya müəllifi Müzadil Həsənov bildirib.
O festivalın keçiriləcəyi ərazinin qısa zaman ərzində hazır olacağını deyib: “Böyük bir komanda ilə festivala hazırlıq işləri davam edir. Burada həm könüllülərdən, həm də festivalın təşkilat komitəsi və texniki işçilərdən ibarət möhtəşəm bir komanda fəaliyyət göstərir. Festival zamanı qonaqların və təşkilatçıların gecələməsi üçün hər biri 12 nəfər tutumlu 23 alaçıq qurulur. Festival zamanı fəaliyyət göstərəcək könüllülər də ərazidə olublar. Könüllü gənclər burada ilk olaraq etno-qəsəbə ilə tanış olub, görüləcək işlərlə bağlı müzakirələr aparıblar”.
Festivalda Türk dünyasının və Avropa ölkələrinin rəğbətini qazanan, Qazaxıstanın orijinal musiqi kollektivlərindən biri “Turan” etnoqrafik folklor ansamblı da iştirak edəcək.
“II Milli Yaylaq Festivalının Milli yaylaq oyunları çərçivəsində qonaqların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə müxtəlif yarışlar keçiriləcək. Festivalda mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim edə biləcəklər. Burada KOBİA tərəfindən “Sənətkarlıq məhəlləsi” yaradılacaq. Həmin məhəllədə müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və sair nümayiş olunacaq”, - deyə Müzadil Həsənov bildirib.
Qeyd edək ki, I Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilmiş və ilk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılmışdı.
II Milli Yaylaq Festivalının informasiya dəstəkçiləri arasında AZƏRTAC da var.