REGİONLAR
Alban-udi icması Xocavənd rayonunda yerləşən qədim Alban məbədini ziyarət edib VİDEO
Xocavənd, 3 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim Alban məbədi uzun illərdən sonra növbəti dəfə əsl sahibləri olan udilər tərəfindən ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Alban-Udi Xristian Dini İcmasının üzvləri uzun illərdən sonra öz ata-babalarından miras qalan Ağxaç kilsəsində olublar. Onlar burada dini ayin icra edərək şamlar yandırıb, dualar oxuyublar.
İcmanın sədri Robert Mobili bildirib ki, bu kilsə qədim Alban dövlətinə məxsus tikilidir. Qeyd edib ki, Hadrut qəsəbəsində iki qədim Alban məbədi var. Bunlardan biri Ağxaç kilsəsidir. Bu tikili Çinarlı kəndində yerləşir və 10-cu əsrə aiddir. Digəri isə Müqəddəs Məryəm ana kilsəsidir. Adı çəkilən kilsə 12-ci əsrdən qalan Alban yadigarıdır. İşğal ərəfəsində ermənilər kilsədə saxtakarlıq etməklə bəzi dəyişiklərlə buranı özünküləşdirməyə çalışıblar. Burada erməni dilində yazılar yazıb, altar hissəni dəyişdiriblər. Onlar nə etsələr də, tarixi dəyişə bilməzlər.
“Artıq tarixi ədalət bərpa olunub. Otuz il müddətində torpaqlarımız erməni işğalında olduğu kimi, dini məbədlərimiz də əsirlikdə idi. Lakin müzəffər Ordumuzun gücü sayəsində kilsələrimiz də azadlıqdadır. X-XII əsrə aid olan kilsələr əsl sahibləri olan Alban udiləri qarşılayır. Uzun illərdən sonra onlar öz ata-babalarından yadigar qalan məbədlərində dini ayin icra etdilər. Gördük ki, ermənilər bu kilsəni də mənimsəməyə çalışıblar. Buraya sonradan gətirilən erməni yazısı olan daşların yeni olduğu da ilk baxışdan görünür. Amma tarixi ədaləti saxtalaşdırmaq heç də asan deyil. Çünki bu irsin, bu torpaqların azərbaycanlılara aid olduğu hər kəs tərəfindən etiraf edilir”, - deyə icma sədri diqqətə çatdırıb.
O bildirib ki, Həvari kilsələrinin əsl varisləri olan Alban udilər öz dini inanclarını qoruyub saxlamaqla, tolerant və multikultural Azərbaycan cəmiyyətində yaşadırlar. Bunun bariz nümunəsidir ki, bu gün alban məbədini birlikdə ziyarət edirik. Prezident İlham Əliyevin də dediyi kimi, işğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır, o cümlədən bu məbədlər də bərpa edilərək əsl varislərinə geri qaytarılacaq.
Qeyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Alban kilsələri tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.