CƏMİYYƏT
Birinci Qarabağ müharibəsi əlili: Dövlətin qazilərə göstərdiyi qayğıdan çox razıyam VİDEO

Bakı, 4 avqust, AZƏRTAC
"Dövlət Birinci Qarabağ müharibəsi əlillərini mənzil və avtomobillə təmin edib. İndi də 6 min 600 manat pul bank hesabıma köçürülüb. Dövlətin qazilərə göstərdiyi qayğıdan çox razıyam”.
Bunu Birinci Qarabağ müharibəsi qazisi, ikinci qrup əlil Salahəddin Allahverdiyev AZƏRTAC-a müsahibəsində deyib.
"Mən 1993-1994-cü illərdə müharibədə könüllü olaraq iştirak etmişəm. Vətənin dar günündə digər mərd oğullar kimi mən də evdə qala bilmədim. Kəlbəcər istiqamətində "N" saylı hərbi hissənin tərkibində döyüşürdüm. Elə Kəlbəcərdə də yaralandım. Ayaq barmaqlarım amputasiya olunub. Ailədə 7 nəfərik. Aldığım vəsaiti nəvələrimin gələcəyi üçün xərcləyəcəyəm. Düşünürəm ki, onlar da Vətənə sədaqətli, xeyirli övladlar olacaq.
Qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 23-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalayıb.
Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydaya uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avqustun 2-dən Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. I dərəcə əlilliyə görə - 8 min 800 manat, II dərəcə əlilliyə görə - 6 min 600 manat, III dərəcə əlilliyə görə - 4 min 400 manat verilir.