CƏMİYYƏT
Müharibə əlili: Ölkəmizdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir VİDEO
Bakı, 6 avqust, AZƏRTAC
Birinci Qarabağ müharibəsində Qazax və rayonun ətraf ərazilərində gedən döyüşlərdə iştirak etmişəm. Müharibə başlayan zaman mən çox gənc idim. Vətənin dar günündə digər azərbaycanlı gənclər kimi mən də silaha sarıldım. Qazaxda bir qrup dostumla birgə ordu sıralarına qoşulduq. Döyüş meydanında neçə-neçə mərd, igid əsgər yoldaşlarımı itirdim. Övladlarıma hər zaman demişəm ki, biz bu Vətəni qəhrəman şəhidlərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bunu Birinci Qarabağ müharibəsi əlili Abil Qurbanov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib. Müharibə illərini o belə xatırlayıb: “Birinci Qarabağ müharibəsində bizim ən böyük problemlərimizdən biri silah çatışmazlığı idi. Lakin içimizdəki Vətən sevgisi bizi bu yoldan dönməyə imkan vermirdi. Doğma Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərin birində yaralandım, vəziyyətimin ağır olmasına baxmayaraq döyüşlərə davam etdim. Daha sonra silahdaşlarım məni öz çiyinlərində odlu-alovlu döyüş meydanından çıxardılar. Xəstəxanaya göndərildiyim zaman həkim mənə vəziyyətimin yaxşı olmadığını, geri qayıda bilməyəcəyimi dedi. Xatırlayıram ki, o gün göz yaşlarımı saxlaya bilmədim. Geri qayıtmaq istəyirdim, əsgər yoldaşlarımı, silahdaşlarımı, Vətənimi yarı yolda qoymaq istəmirdim. Təəssüf ki, həqiqətən vəziyyətim yaxşı deyildi. Ayaqlarımdan və belimdən ciddi zədələr almışdım.
30 ildən sonra bütün şəhidlərimizin qisası alındı. 2020-ci ilin payızında başlanan Vətən müharibəsində bizdən sonra doğulan nəslin gəncləri bütün azərbaycanlıların arzusunu gerçəkləşdirdi, Qarabağ düşməndən azad edildi. Müzəffər Azərbaycan Ordusu düşmən üzərində şanlı Qələbə qazandı. Azərbaycan Ordusunun peşəkarlığı, orduda yüksək nizam-intizam, müasir hərbi texnologiyalara malik olması və ondan məharətlə istifadə bacarığı döyüşlərdə öz sözünü dedi. Lakin, bu savaşda ən önəmlisi Vətən, doğma torpaqlar uğrunda vuruşan Azərbaycan hərbçilərinin yüksək mənəvi-psixoloji durumu idi. 44 günlük Vətən müharibəsi dünya hərb tarixinə yazıldı”.
Ölkəmizdə şəhid ailələri və qazilərə sosial dəstəkdən danışan Abil Qurbanov deyib: “Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, onların sosial rifahının yüksəldilməsi, təqaüdlərinin artırılması daim diqqət mərkəzində saxlanılır. Mənə də ev və avtomobil təklif olunmuşdu, lakin heç birini qəbul etmədim. Çünki mənim sosial vəziyyətim yaxşıdır, hazırda evim də, maşınım da var. Qoy bütün bunlar həqiqətən buna ehtiyacı olan qazi qardaşlarıma qismət olsun.
Müharibə əlillərinin problemlərinin, qayğılarının, sosial məsələlərinin həlli hər zaman Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi bunu sübut edən faktlardan biridir. Mən və əhatəmdə olan digər Birinci Qarabağ müharibəsi qaziləri Prezidentimizin bu addımını yüksək qiymətləndirir və ona təşəkkür edirik”.
Xatırladaq ki, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
I dərəcə əlilliyə görə - 8 min 800 manat, II dərəcə əlilliyə görə - 6 min 600 manat, III dərəcə əlilliyə görə - 4 min 400 manat verilir.