SİYASƏT
“Əl Cəzirə” telekanalında azərbaycanlı ailələrin doğma yurdlarına qayıtması barədə reportaj yayımlanıb VİDEO
Qahirə, 20 sentyabr, AZƏRTAC
“Əl Cəzirə” telekanalında azərbaycanlı ailələrin 30 ildən artıq müddətdən sonra işğaldan azad olunmuş doğma yurdlarına qayıtması barədə reportaj yayımlanıb.
AZƏRTAC xəbər verir ki, telekanalın reportyoru Çarlz Stratford tamaşaçıların diqqətinə 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin məğlub olaraq işğalda saxladıqları və dağıtdıqları Azərbaycan kəndlərini tərk etdikləri çatdırılıb. Reportajda Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşı Aqil Qurbanovun Ağalı kəndinin sakinlərinin qayıdışı və buradan dünyaya sülh çağırışları barədə fikirləri yer alıb.
Reportyor bildirib ki, Ağalı kəndinin sakinləri öz yurdlarına qayıdışın həmişəlik olduğunu bildirirlər. Reportajda, həmçinin kənd sakini Xatirə Abdullayevanın açıqlaması təqdim edilib, Ağalıda yaradılan şərait, marketlər, iş yerləri, sosial obyektlər barədə məlumat verilib.
Sonda vurğulanıb ki, bu ərazilərdə olan şəhid məzarlıqlarında iki qardaş ölkə - Azərbaycan və Türkiyənin bayraqları dalğalanır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə