Baş Prokurorluq Qubada “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” mövzusunda konfrans təşkil edib VİDEO
Quba, 16 noyabr, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq, aşkarlıq və şəffaflığın təmin olunması, qərarların qəbulu zamanı vətəndaşların qanuni maraqlarının nəzərə alınması, əsas insan və vətəndaş hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi prokurorluq orqanlarının əsas prioritet istiqamətlərindən biri olmaqla, bu sahədə mövcud münasibətlərin inkişaf etdirilməsinə yönələn kompleks islahatlar həyata keçirilməkdədir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, silsilə tədbirlərin davamı olaraq, noyabrın 16-da Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayon və Sumqayıt hərbi prokurorluqlarının media ilə işləməyə məsul prokurorluq əməkdaşlarının iştirakı ilə Quba rayon Heydər Əliyev Mərkəzində “Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi” adlı növbəti işgüzar konfrans təşkil olunub.
Konfransda məhkəmə, hüquq-mühafizə, digər dövlət və media qurumlarının, qeyri-hökumət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Dövlət Himni səsləndirildikdən sonra Vətən uğurunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, yaralılara Allahdan şəfa dilənib.
Tədbirdə çıxış edən Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Natiq Abdullayev cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə prokurorluq orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlərdən söz açıb.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxışında mötəbər tədbirin Quba şəhərində təşkil edilməsindən məmnunluğunu ifadə edib.
Quba rayon prokuroru Namiq Muradov təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən söz açaraq, media və qeyri-hökumət təşkilatları ilə kommunikasiyanın gücləndirilməsi məqsədilə görülən işlərdən danışıb.
Tədbirdə çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov prokurorluq orqanlarının media siyasətində aşkarlıq, şəffaflıq və hesabatlılıq prinsiplərini rəhbər tutduğunu, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Konfransda, həmçinin dövlət qurumlarının mətbuat xidmətlərinin əməkdaşları, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edib, birgə əməkdaşlığın perspektivləri barədə təkliflər səsləndirilib.
Konfransın gedişatında iştirakçılara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin əməkdaşı Aysel Hadiyeva “Aktual kibertəhdidlər və mühüm kibergigiyena qaydaları” mövzusunda təlim keçilib.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıları ağır, çətin və şərəfli peşə olan prokurorluq əməkdaşının gündəlik həyat tərzindən bəhs edən “Valideynimin peşəsi” adlı qısametrajlı filmə baxıblar.
Sonda xatirə şəkli çəkdirilib.