Fotosu Türk və Azərbaycan əsgərinin dostluq rəmzinə çevrildi - qazi Babək Abbasov məşhurlaşacağını gözləmirdi FOTO VİDEO
Ağstafa, 17 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Babək Abbasov 1990-cı ildə Qazaxıstanda anadan olub. 2006-cı ildə ailəsi ilə birgə Vətənə köçüb. Hərbi xidmətdə olan qazimiz dəfələrlə fəxri fərmanlarla təltif edilib.
AZƏRTAC xəbər verir ki, Babək hərbi həyatından öncə tikinti şirkətində işləyib. Ağır texnika işlədən Babəkin tanka böyük həvəsi olub. 2014-cü ildən tankçı, tuşlayıcı operator kimi xidmətini davam etdirib. Məşhur foto isə Vətən müharibəsinə az bir vaxt qalmış, Azərbaycan-Türkiyə birgə hərbi təlimi zamanı çəkilib. “O fotoda biz bir yerdə dayanmışdıq. Türk jurnalisti bizi çağırdı və dedi ki, belə bir şəkil çəkmək istəyirəm. Belə dura bilərsizmi?! Dediyi kimi durduq. Həmçinin başqa formada da şəkil çəkdirdik. Fərqli şəkillər oldu. Sonra İkinci Qarabağ müharibəsi başladı. Oktyabrın 8-də yaralandım. Mən hospitalda müalicəmi aldıqdan sonra məzuniyyətə buraxıldım. Bakıda ailəmlə kirayədə qalırdım. Avtobusla evə getdiyim yerdə təsadüfən gördüm ki, həmin şəklim hər yerə vurulub. Sonra hərbi hissəyə gedəndə gördüm ki, orada da bu foto asılıb. Bu, mənim üçün, valideynlərim üçün bir fəxrdir”, - deyə qazi Babək Abbasov bildirib.
Babəkin xatirəsində həmin fotonun çəkildiyi gün xoş bir an kimi qalıb. Deyir, həmin günü heç vaxt unutmayacaq. Baxmayaraq ki, indi hərbi xidmətdə deyil, yenə də həmin türk hərbçiləri ilə əlaqə saxlayır: “Yenə də dostluq əlaqələrimiz davam edir. Tez-tez telefonla danışırıq. Bir-birimizin nömrəmizi götürmüşük”.
Qazimizin döyüş yolu elə Vətən müharibəsinin ilk günündən başlayıb. Sentyabrın 26-da anasının ad günündə olan Babək oradan birbaşa döyüşə gedib. İlk döyüş yolu isə Füzulidən, Alxanlı istiqamətindən başlayıb. Film kimi anları da olub. Hollivudun məşhur “Qəzəb” filmindəki kimi... Vətən müharibəsində savaşın qızğın zamanında tankının tırtılı qırılsa da, o, döyüşü davam etdirib. Meşədə gizlənən düşmən qüvvələrini xeyli itkiyə uğradıb. Tankı tam sıradan çıxana kimi döyüşüb. Sonda isə tank tamam yararsız hala düşəndə başqa tankla döyüşü davam etdirib. “Eynilə filmdəki o səhnə yaranmışdı. Füzulidə 3 tankla döyüşə girdik. Bizim tank minaya düşdü. Tırtılı, katoku sıradan çıxmışdı. Tank pis vəziyyətdə idi. Sürücü-mexanik rabitədə dedi ki, tank dönmür, nə edim? Bircə onu dedim ki, nə edirsən et, bircə tankı bir yerdə saxlama. Ermənilər elə qorxmuşdular ki, həyəcandan hara gəldi atırdılar. Bir tərəfin tırtılının işləməsi sayəsində vəziyyətdən çıxdıq. Tankı arxa-arxaya idarə edərək döyüşü davam etdirdik, atəşi dayandırmadıq”, - o anları xatırlayan B.Abbasov sözünə əlavə edib.
Oğlu ilə fəxr edən atası Faiq Abbasov Babəkin türk hərbçi ilə fotosunu da ilk dəfə Bakıda işləyəndə təsadüfən gördüyünü bildirib. “Metronun “20 Yanvar” stansiyası yaxınlığında gördüm fotonu. Görən kimi tanıdım, bu, mənim oğlumun şəklidir. Bir ata kimi çox sevindim. Torpaqlarımız azad olundu. İndi hər yerdə başı dik, alınıaçıq gəzirəm. Bilirəm ki, Qələbəmizdə oğlumun də əməyi var. Mən fəxr edirəm ki, oğullarımız torpaqlarımızı azad etdilər. Şükür bu günə ki, torpaqlarımız azad olundu”, - deyə fəxarət hissi ilə Faiq Abbasov vurğulayıb.
Babək Abbasov Vətən müharibəsi döyüşlərində iştirakına görə bir neçə orden və medalla təltif olunub. Ailəlidir, 4 uşaq atasıdır. Bu gün o, olduqca qürurludur. Vətən müharibəsində Türkiyə-Azərbaycan qardaşlığının simvoluna çevrilən foto ilə deyil, həm də döyüşçü kimi, qəhrəman kimi torpaqlarımızı azad edən, bizlərə Qələbənin sevincini yaşadan oğullarımızdan biri kimi hər kəsin tanımalı olduğu qazilərimizdəndir.