CƏMİYYƏT
Vladanka Andreyeva: Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün məlumatlılığı artıracağıq VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq noyabrın 25-də - Qadın və Qızlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündə başlayan və dekabrın 10-na - Ümumdünya İnsan Hüquqları Gününə qədər davam edən illik kampaniyadır.
Qadınlara və qızlara qarşı zorakılıq dünyada ən geniş yayılmış insan hüquqları pozuntusu kimi qalır və hər 3 qadından 1-i bundan əziyyət çəkir. Bu rəqəm son on il ərzində əsasən dəyişməz qalıb.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva videomüraciətində deyib.
O, 2022-ci il kampaniyasının mövzusunun “Birləşin! Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün fəallıq!” olduğunu diqqətə çatdırıb.
“BMT-nin Azərbaycandakı ailəsi bu kampaniyada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, inkişaf tərəfdaşları, akademik dairələr və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edəcək. Bu 16 gün ərzində biz Azərbaycanın 16 bölgəsinə səfər edəcəyik. Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün məlumatlılığı artıracağıq, zorakılıqdan əziyyət çəkənləri dəstəkləyəcəyik, qadınlara qarşı nifrətə yox deyəcəyik və dəyişikliyə aparan fəaliyyət üçün bütün imkanları səfərbər edəcəyik”, - deyən Vladanka Andreyeva qadınların hüquqlarını müdafiə etmək üçün mövqe tutmağa, qadın və qızlara qarşı zorakılığa son qoymağa çağırış edib.