İtaliyada Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb VİDEO
Roma, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də İtaliyanın paytaxtı Roma şəhərində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun, habelə İtaliyada yaşayan və təhsil alan soydaşlarımızın iştirak etdiyi tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı Heydər Əliyevin ölkəmizin müstəqilliyinin bərpa olunması, qurulması və inkişafında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib. Səfir Ulu Öndərin Azərbaycan tarixindəki mühüm rolu, müstəqilliyimizə qarşı yönəlmiş təhdidlərin qarşısının alınması, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olması, dövlət institutlarının qurulması, ölkəmizin sosial-iqtisadi tərəqqi və dayanıqlı inkişaf yoluna qədəm qoyması, beynəlxalq münasibətlər sisteminə inteqrasiyası, regional və beynəlxalq nüfuzunun təmin olunması istiqamətində həyata keçirdiyi strategiya barədə danışıb.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu müasir dövrümüzün tələbləri əsasında davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 günlük Vətən müharibəsində tarixi Zəfərə nail olub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Səfir habelə hazırda çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin xüsusi rolunu vurğulayıb və onun 1997-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk prezidenti kimi İtaliyaya səfərinin əhəmiyyətini qeyd edib.
Tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Roma