CƏMİYYƏT
24 saylı Nizami birinci seçki dairəsinin dairə seçki komissiyasında treninqlərə başlanılıb
Bakı, 12 avqust, AZƏRTAC
Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilər ilə əlaqədar avqustun 12-də 24 saylı Nizami birinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, treninqdə çıxış edən 24 saylı Nizami birinci seçki dairəsinin dairə seçki komissiyasının sədri Niyazi Nəcəfov Milli Məclisə seçkilərdə şəffaflığın və aşkarlığın təminatı üçün məntəqə seçki komissiyalarında hər cür şəraitin yaradıldığını, onların zəruri avadanlıqlarla təchiz olunduğunu söyləyib.
O bildirib ki, təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını və peşəkarlığını artırmaqdır.
MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rolu və vəzifələri, səsvermə otağının təşkil olunması qaydası, seçki günü müşahidəçilərin hüquqları, məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və s. ilə bağlı məlumatlar verilib.
Niyazi Nəcəfov seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını deyib. Bildirib ki, sağlamlıq imkanları məhdud seçicilər üçün məntəqələrdə panduslar quraşdırılıb. N.Nəcəfov Milli Məclisə seçkilərdə namizədlərin sayının 10 nəfər, dairədəki seçki məntəqələrinin sayının 36, seçicilərin sayının 49 min 24 nəfər olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, ilk dəfə səs verənlərin sayı isə 385 nəfərdir.
Dairə seçki komissiyasının sədri, həmçinin 299 müşahidəçinin qeydiyyatdan keçdiyini, məşvərətçilərin sayının isə 37 nəfər olduğunu qeyd edib.