Qarabağın qurulmasında yenilik: Tullantılar təkrar emal edilir VİDEO
Ağdam, 25 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Qarabağın qurulmasında daha bir yeniliyə imza atılıb. Ölkəmizdə ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının təkrar emalına başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tullantıların təkrar emalı ilk olaraq Ağdam rayonunda həyata keçirilir. Artıq ilk tikiləcək yaşayış məntəqələrində emal avadanlıqları quraşdırılıb. Ərazidəki tullantılar, dağıdılmış tikililərin qalıqları təkrar emal olunur. Emal olunan məhsullardan daha çox yolların tikintisində istifadə olunacaq.
Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Ağdam rayonunun Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərinin tikintisi üçün işlərə başlanılıb. Ərazinin tullantılardan, dağıntılardan təmizlənməsinə start verilib. Kəndlərin ərazisində utilizasiya poliqonu düzəltmişik. Dağıntılardan çıxan tullantılar təkrar material kimi istehsalata qaytarılır. Əldə edilən materiallardan yol yataqları, tametaltı özül kimi istifadə olunacaq. Nəticə etibarilə sıfır tullantıya nail olunacaq. Bütün Qarabağda və Şərqi Zəngəzurda bu üsuldan istifadə olunsa, sıfır tullantı ilə ərazilər təmizlənəcək. Təkrar istehsalata qaytarılan tullantı nümunələrinin laborator təhlilləri aparılıb və müsbət nəticələr alınıb.
“Dağıntıların idarə olunması çox ciddi işdir. Atılmış bu addımlar gələcək işlərimiz üçün rahatlıq yaradacaq. 10 milyonlarla kub dağıntını tikinti materialına çevirəcəyik. Bu da bizim həm ekologiyamıza zərər vurmayacaq, həm də iqtisadiyyatımıza xeyir verəcək. Dünya təcrübəsində də bu proseslər var. Azərbaycanda isə birinci dəfədir tətbiq olunur. İşğaldan azad olunmuş ərazilərimizdə salınacaq şəhər və kəndlərimizdə bu üsuldan istifadə olunacaq. Düşünürəm ki, müsbət nəticələr əldə edəcəyik”, - deyə Övsət Həmidov bildirib.