AMEA Lənkəran Regional Elmi Mərkəzi tədqiqat işlərini genişləndirib VİDEO
Lənkəran, 3 avqust, İsmayıl Cəfərli, AZƏRTAC
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin təcrübə bazasında çay, sitrus, nəsli kəsilməkdə olan endemik və relikt bitkilərin, xalq seleksiyası ilə yaradılmış meyvə ağaclarının nümunələri toplanır, qorunur və artırılır. Lənkəran-Astara rütubətli subtropik bölgəsində ənənəvi sitrus bitkiləri ilə yanaşı, bir sıra digər meyvə və texniki bitkilərin sənaye miqyaslı inkişafı üçün aqroiqlim potensialı mövcuddur.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində qısa müddətdə dünya kolleksiyasına daxil olan onlarla sitrus və subtropik bitkilər - karlik limon, armudvari limon, berqamut, pamela, sitron, avokado, şeddok, laym introduksiya olunub. Mərkəzin seleksiya bağında tədqiqata cəlb olunan bitkilərin morfoloji, bioloji təsərrüfat xüsusiyyətləri öyrənilir, seleksiya məqsədilə istifadə olunur. Pavloniya həm də mebel sənayesində böyük iqtisadi səmərəsi olan meşə bitkisidir.
AMEA Lənkəran Regional Elmi Mərkəzin direktoru Fərman Quliyev: “Biqaradiya” Azərbaycanda narınc deyirlər. Bu da sitrus bitkilərindəndir. Bunu da xaricdən gətirmişik, artırırıq. Burada həm tədqiqat işi aparmaq, həm məhsuldarlığı öyrənmək, həm də calaqaltı material kimi istifadə edirik. Nəsli kəsilməkdə olan meşə bitkiləri üzərində də tədqiqatlar aparırıq. Məsələn, Lənkəran akasiyasıdır, bunlar arıçılıq üzrə istifadə olunur, arı bu bitkilərdən məhsul, bal yığa bilir. Cökə ağacı - “Lipa” deyirlər ona. Bir də ki, “paulliniya” bitkisidir ki, bu da yüksək, hətta 1 hektardan 60 kq təbii bal məhsulu verir”.
Hündürlüyü 3 m-ə qədər olan kol və ya kiçik ağac sayılan sitron bitkisinin meyvəsi sedrat və Korsika limonu da adlanır. Acı-turşaşirin dadı olan bu meyvədən yalnız kompot, jele və sukatların hazırlanmasında istifadə edilir. Mərkəzdə tropik meyvə olan avokadonun coğrafi şəraiti, yerli iqlimə uyğunluğu öyrənilir. Müəyyən edilib ki, bu bitkini əsasən dağ döşlərində açıq sahələrdə əkməklə bol məhsuldarlığa nail olmaq olar. Meşə bitkiləri, nəsli qırılmaqda olan bitkilər üzərində aparılan tədqiqat işləri onları məhv olmaq təhlükəsindən qorumaq, bərpa məqsədi daşıyır.
Xarici ölkələrdən gətirilmiş dekorativ, bəzək bitkiləri üzərində aparılmış elmi-tədqiqat işləri müsbət nəticələrini göstərməkdədir. Elmi mərkəzin əldə etdiyi uğurlu nəticələr deməyə əsas verir ki, əlverişli torpaq iqlim şəraiti faydalı və yüksək məhsulvermə imkanları olan bu bitkilərin təsərrüfatlara geniş tətbiq olunmaqla ölkəmizə valyuta gətirməsini təmin etmək olar.