Laçın sakinləri öz təsərrüfatlarını doğma yurdda inkişaf etdirirlər VİDEO
Bakı, 17 avqust, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması üçün genişmiqyaslı tədbirlər görülür. Məcburi köçkünlərin öz ata-baba yurdlarında təsərrüfat fəaliyyətinə başlamasına imkan yaradılması da ilkin mərhələdə həyata keçirilən tədbirlər sırasındadır. Arıçılıq və heyvandarlıqla məşğul olan yüzlərlə ailə, müvafiq dövlət qurumlarının dəstəyi ilə mövsümi olaraq öz təsərrüfatını işğaldan azad edilmiş ərazilərdəki yaylaqlara köçürür.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, hazırda doğma yurdda təsərrüfat fəaliyyətini davam etdirənlər arasında Laçın rayonunun Bozlu kəndinin sakinləri Xanlar Sərdar oğlu Alıyev və Aqil Məhərrəm oğlu Mövsümov da var. Onlar uzun illərdir arıçılıqla məşğuldurlar və bu gün barlı-bərəkətli ata-baba torpaqlarında öz təsərrüfatlarını inkişaf etdirməkdən çox məmnundurlar.
Yurd həsrəti bitən və öz işlərini uğurla davam etdirən məcburi köçkünlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirlər.
Qeyd edək ki, ərazisi işğaldan azad olunmuş rayonların sakinləri ilə müsahibələr əsasında videoçarxların hazırlanması davam etdirilir.