SİYASƏT
Azərbaycanlı diplomat “France 24” telekanalında Ermənistanı riyakarlığa son qoyaraq sülh masasına oturmağa çağırıb VİDEO
Bakı, 3 oktyabr, AZƏRTAC
Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov “France 24” telekanalının ispan dilində yayımlanan efirində debat proqramının qonağı olub, Azərbaycanın Qarabağ bölgəsində cərəyan edən son hadisələr və Ermənistan ilə münasibətlərin normallaşdırılması prosesi haqqında ətraflı məlumat verib. Diplomat Ermənistan tərəfini riyakarlığa və qarayaxma kampaniyasına son qoyaraq iki ölkə arasında dayanıqlı sülhün bərqərar edilməsi üçün səmimi səylər göstərməyə çağırıb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, debat zamanı guya “Qarabağda “etnik təmizləmə”nin həyata keçirilməsi”, “Laçın yolunun “blokada”ya alınması” kimi cəfəng iddialar səsləndirən Cənubi Amerikanın Erməni Milli Şurasının icraçı direktoru Aram Mouratyan azərbaycanlı diplomatın təqdim etdiyi tarixi həqiqətlər, tutarlı faktlar və dəlillər qarşısında aciz duruma düşüb. Hətta erməni qonağa təxribatyönümlü sualları ilə kömək etməyə çalışan verilişin aparıcısı da əsaslandırılmış cavablardan sonra çıxılmaz vəziyyətdə qalıb.
Məhz Ermənistanın uzun illər Azərbaycana və xalqımıza qarşı işğalçılıq, etnik təmizləmə siyasəti həyata keçirdiyi, bu gün də erməni mina terrorunun ağır fəsadlarının davam etdiyi qeyd olunub. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyi və bu əraziləri dünyanın ən gözəl guşələrindən birinə çevirməkdə qərarlı olduğu bildirilib.
Lokal xarakterli antiterror tədbirlərinin keçirilməsini şərtləndirən səbəblərə toxunan diplomat qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə yetirildiyini bildirib, Qarabağın erməni sakinlərinin ölkəmizin Konstitusiyası çərçivəsində reinteqrasiyası istiqamətində atılan addımlardan bəhs edib. Azərbaycanın milliyyətindən asılı olmayaraq, bütün vətəndaşlarının hüquq və azadlıqlarına tam təminat verdiyi, ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan hökumətinin ərazi iddialarından əl çəkməsinin, yalanlara və riyakarlığa son qoymasının vacibliyi qeyd olunub.
Xüsusi vurğulanıb ki, Ermənistan tərəfi bu tarixi fürsəti əldən qaçırmamalı, Azərbaycanın sülh gündəliyinə və çağırışlarına uyğun olaraq mehriban qonşuluq şəraitində yaşamaq, eləcə də regionda əmin-amanlığın təmin olunması üçün səmimi səylər göstərməlidir. Bölgədəki bütün nəqliyyat və kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılmasının bu prosesə əhəmiyyətli töhfə ola biləcəyi vurğulanıb. Həmçinin Azərbaycanı hədəf seçən radikal erməni diasporunun çirkin təbliğat kampaniyasının və pozucu fəaliyyətinin qəbuledilməz olduğu, bunun iki ölkə arasında sülh, normallaşma prosesinə yalnız xələl gətirdiyi vurğulanıb.
Azərbaycanlı diplomat çıxışını “Qarabağ Azərbaycandır!” şüarı ilə bitirib.