CƏMİYYƏT
27 saylı Sabunçu ikinci seçki dairəsində seçkilərə hazırlıq işləri uğurla davam edir
Bakı, 18 yanvar, AZƏRTAC
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar yanvarın 18-də 27 saylı Sabunçu ikinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb. Yanvarın 22-dək davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını, peşəkarlığını artırmaqdır.
AZƏRTAC xəbər verir ki, treninqlərdə 38 məntəqədən 228 nəfərin iştirakı nəzərdə tutulub. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak edən Telman Sadıqov, İsmixan Nəsibov aparır.
MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə otağının təşkil edilməsi qaydası, seçki günü müşahidəçilərin hüquqları, səsvermə günü məntəqənin açılması, səsvermə ilə bağlı məlumatların verilməsi saatları, səsvermədə iştirak edən vətəndaşların barmağının mürəkkəblə işarələnməsi, hansı halda seçicinin səsvermə hüququndan istifadə edə bilməyəcəyi, səslərin hesablanması və s. ilə bağlı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.
Qeyd edək ki, treninqlər 26 saylı birinci, 27 saylı Sabunçu ikinci, 28 saylı Sabunçu üçüncü, 29 saylı Sabunçu seçki dairələrində də keçirilir.
Dairə seçki komissiyasının sədri Nadir Əjdərov AZƏRTAC-a seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını deyir. Məntəqələr seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, prezident seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Seçki məntəqələrinin 10-unda veb- kamera quraşdırılıb. Sağlamlıq imkanları məhdud seçicilər də diqqətdən kənarda saxlanılmayıb. Belə ki, həmin qəbildən olan vətəndaşlar üçün panduslar quraşdırılıb.
“Hazırda dairədəki seçki məntəqələrinin sayı 38-ə, seçicilərin sayı isə 50 min 424-ə bərabərdir. Seçicilərin 47,68 faizi kişilər, 52,32 faizi isə qadınlardır. 80-100 yaşlı seçici sayı 812 nəfərdir. Yaşı 100-dən yuxarı bir seçici var. Fevralın 1-dən 7-nə qədər seçicilərdən 20-nin 18 yaşı tamam olacaq. Seçki günü isə 18 yaşı tamam olan seçici sayı 2 nəfərdir. Dairədə seçicilərin 3 min 148 nəfəri ilk dəfə səs verəcək”, - deyə N.Əjdərov qeyd edib.