CƏMİYYƏT
Balakəndə sərxoş vəziyyətdə və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 80 sürücü müəyyən olunub VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində rayon ərazisində profilaktiki tədbir keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı avtomobillərin atmosferə ixrac etdiyi dəm qazının miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yoxlama zamanı ekoloji normalara cavab verməyən avtomobillərin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunub.
Həmçinin yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində avtomobili narkotik vasitənin təsiri altında və sürücülük hüququ olmadan idarə edən, sərxoş vəziyyətdə sükan arxasına əyləşən, təhlükəsizlik kəmərindən istifadə etməyən intizamsız sürücülər də aşkarlanıb. Cari il ərzində spirtli içkinin və narkotik vasitənin təsiri altında avtomobil idarə edən ümumilikdə 80 sürücü barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, eləcə də digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də inzibati protokollar tərtib edilib.
Baş verə biləcək xoşagəlməz halların qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.