İDMAN
Beynəlxalq Hərbi İdman Şurasının vitse-prezidenti: Bakıda həm dostluq, həm də amansız mübarizə olacaq VİDEO
Bakı, 28 noyabr, AZƏRTAC
“Azərbaycana belə bir turnir təşkil etdiyi üçün minnətdarlığımı bildirirəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede Bakıda hərbçilər arasında keçiriləcək güləş üzrə 36-cı dünya çempionatı ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
Azərbaycana ikinci dəfə gəldiyini bildirən funksioner ilk səfərin də xoş təəssüratlarla yadda qaldığını xatırladıb: “Ölkəniz olduqca inkişaf edib, burada hər şeydən razıyam. Bu cəhətdən gördüklərimi müsbət qiymətləndirirəm”.
“Sevindirici haldır ki, belə tədbirlər ölkələri bir araya gətirir. Bütün idmançılar əllərindən gələnin ən yaxşısını edəcəklər. Əminəm ki, burada həm dostluq, həm də amansız mübarizə olacaq. Çünki bütün idmançılar sonadək döyüşəcəklər”, - D.Şvede bildirib.
Qeyd edək ki, “İdmanla Dostluq” devizi altında keçiriləcək yarış noyabrın 27-dən dekabrın 3-dək davam edəcək.