Bu gün Zabuxa köçən ailələrə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO
Laçın, 15 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Bu gün Böyük Qayıdış proqramı çərçivəsində Laçının Zabux kəndinə qayıdan ailələr yeni evlərinin açarlarını təhvil alıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Belə ki, 36 nəfər olmaqla 9 ailə Bakıda, 10 nəfər olmaqla 3 ailə Sumqayıtda, 16 nəfər olmaqla 4 ailə Abşeronda, 4 nəfər olmaqla 1 ailə Mingəçevirdə, 20 nəfər olmaqla 6 ailə Bərdədə, 4 nəfər olmaqla 1 ailə Lənkəranda, 2 nəfər olmaqla 1 ailə isə Ağcabədidə məskunlaşmış keçmiş məcburi köçkün ailəsinin yurd həsrəti sona çatıb.
Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, hüquq-mühafizə orqanlarının, kənd icra nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alaraq evlərində məskunlaşıblar.
17:53
Bakı, Sumqayıt şəhərlərindən və bir neçə rayondan Laçına - doğma yurduna yollanan ailələr Zabux kəndinə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zabux kəndi bu gün 25 ailəyə qucaq açıb və daha 92 nəfərin yurd həsrəti bitib.
Onlar kəndə gələrkən böyük coşqu ilə qarşılanıblar, illərdir həsrətini çəkdikləri və Azərbaycan dövləti tərəfindən yenidən qurulan kəndin gözəl mənzərəsini seyr ediblər.
Daha da gözəlləşən və abadlaşan Zabuxa qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla anıblar.
Bununla da Zabux kəndində 146 ailə, yəni 568 nəfərin daimi məskunlaşması təmin edilib.
Zabux kənd sakinləri üçün doğma kəndlərində dövlətimizin başçısının göstərişi əsasında yenidən tikilən evlərdə bütün şərait yaradılıb.