20 Yanvar hadisələri ilə bağlı həqiqətlər Heydər Əliyevin qətiyyəti nəticəsində dünya ictimaiyyətinə çatdırılıb VİDEO
Pekin, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Çindəki səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Çində yaşayan soydaşlarımızın iştirak etdikləri tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov 20 Yanvar faciəsinin səbəblərini və o zaman hökm sürən ictimai-siyasi vəziyyətlə bağlı geniş məlumat verib. Bildirib ki, yaddaşlarımıza qanlı gecə kimi həkk olunan 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə misilsiz qətliam törədilib. Dövlətin öz əliyalın vətəndaşlarının üzərinə xüsusi təlim keçmiş hərbi birləşmələr, tanklar, ağır zirehli texnika göndərməsi, dinc əhalinin gülləbaran edilməsi qanlı cinayət idi. SSRİ rəhbərliyi qətliamı gizlətməyə çalışsa da, Heydər Əliyevin qətiyyəti nəticəsində bu faciə dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırıldı, ona hüquqi-siyasi qiymət verildi.
Diplomat vurğulayıb ki, 20 Yanvar hadisələri həm də Azərbaycanın azadlıq tarixində böyük rəmzi məna daşıyır və tariximizin şanlı səhifələrindən biridir. Həmin hadisələr zamanı yüzlərlə mülki şəxsin öldürülməsi, yaralanması və həbs olunması xalqımızı qorxutmadı, əksinə, daha sıx birləşdirdi. Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda sonadək mübarizə aparmağa qərar verdi. Bütün xalq anlayırdı ki, azadlığa gedən yol yalnız müstəqillikdən keçir. Ulu Öndər Heydər Əliyevin milli dövlət strategiyasının uğurla davam etdirilməsi nəticəsində dövlətimiz və xalqımız müstəqilliyini qoruyub saxlaya bilib. Həmin strategiya 2020-ci ilin 44 günlük Vətən müharibəsi və ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması ilə məntiqi nəticəsini tapıb.
Diqqətə çatdırılıb ki, 20 Yanvar hadisələrindən 34 il keçməsinə baxmayaraq, xalqımız həmin çətin, dəhşətli günləri hər zaman xatırlayır və Ümumxalq Hüzn Günü kimi qeyd edir.
Sonda 20 Yanvar hadisələrindən bəhs edən film nümayiş olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin