REGİONLAR
Gecə iş başında olan zəhmətkeş çörəkçilər - Qusardan reportaj VİDEO
Qusar, 2 fevral, Elxan Yusifli, AZƏRTAC
Gecə saat ikidir. Əksər insanlar şirin yuxuda olsa da, çörəkçilər iş başındadırlar. Onların bişirdiyi dadlı, ətirli, isti çörəklər səhər tezdən istehlakçılara çatdırılacaq.
AZƏRTAC-ın bölgə müxbiri gecə Qusarda fəaliyyət göstərən çörək istehsalı müəssisələrindən birinə baş çəkib, zəhmətkeş çörəkçilərin fəaliyyəti ilə maraqlanıb.
Uzun illərdir fəaliyyət göstərən çörək zavodu 2015-ci ildə dövlət dəstəyi ilə yenilənib, burada Rusiyadan gətirilən müasir avadanlıqlar quraşdırılıb. Bununla da inkişafının yeni mərhələsinə qədəm qoyan müəssisənin sutkalıq istehsal gücü 20 tona çatdırılıb.
Zavodun icraçı direktoru Amid Fərzəliyev bildirib ki, müəssisədə istehsal olunan un məmulatları Qusarla yanaşı, Quba və Xaçmazda da satılır.
“Müəssisəmizdə 12 çeşiddə çörək, 13 növ şirniyyat, həmçinin makaron, vermişel, əriştə, xəngəl istehsal olunur. Zavodumuz Qusar və ətraf rayonların bir qismini bu məhsullarla təmin edir. Burada istehsal edilən məhsullar yüksəkkeyfiyyətli və təbii olmağı ilə seçilir. Bu da istehlakçılar tərəfindən həmişə rəğbətlə qarşılanır”, - deyə Amid Fərzəliyev söyləyib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək verdiyi müəssisədə hazırda 40 işçi çalışır.
Müəssisədə çörəyin “Kəpəkli baton”, “Alman”, “Kürə”, “Xərək”, “Tost”, “Doğranmış”, “Zavod”, “Çovdar” və başqa çeşidləri bişirilir. Şirniyyatlardan isə şorqoğalı, kətə, paxlava və sair.
İstehsal prosesində istifadə olunan su bir neçə mərhələdə süzgəcdən keçirilir. Su, un, duz, şəkər, maya və digər xammal zavodda quraşdırılan xüsusi laboratoriyada yoxlanılır və yalnız bundan sonra istehsala buraxılır. Həmçinin istehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur. Bütün bunlar da sanitar-gigiyenik normalara əməl olunmaqla yüksək keyfiyyət standartlarına cavab verən çörək və başqa un məmulatlarının istehsalına şərait yaradır.
“Ölkəmizdə əhalinin keyfiyyətli və təhlükəsiz qida məhsulları ilə təminatına xüsusi önəm verilir. Respublikamızın regionlarında müasir texnologiyaların tətbiqinə əsaslanan iri çörək zavodları yaradılır, mövcud çörəkbişirmə müəssisələri yenidən qurulur. Görülən tədbirlər istehlakçıları yüksəkkeyfiyyətli, müxtəlif çeşiddə çörək və çörək məhsulları ilə təmin etməyə imkan verir”, - deyə Amid Fərzəliyev qeyd edib.
Müəssisənin icraçı direktoru bildirib ki, dövlət dəstəyindən faydalanaraq gələcəkdə zavodun istehsal gücünün, həmçinin çörək və digər un məmulatlarının çeşidlərinin artırılması nəzərdə tutulub.