REGİONLAR
Hədəf yaxın gələcəkdə istehsalı daha da artırmaqdır – Gəncənin toxuculuq fabrikindən REPORTAJ VİDEO












Gəncə, 3 fevral, Elcan Məmmədov, AZƏRTAC
Bu gün “Gəncə Tekstil” ASC-də daxili bazarın sifarişi əsasında aylıq 700-800 milyon metr tənzif istehsal olunur. Gələcək hədəfimiz bu rəqəmi daha da artırmaqdır. Hələ ki, sifarişlərimiz daxili bazar üçündür. Əgər tələbat olarsa, xarici bazar üçün də mallar istehsal edə bilərik.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında “Gəncə Tekstil” Açıq Səhmdar Cəmiyyətinin istehsalat müdiri Muxtar Yusibov deyib.
1926-cı ildə təməli qoyulan müəssisə müstəqilliyimizin ilk illərində digər sənaye müəssisələri kimi özünün tənəzzül dövrünü yaşamışdır. İldən-ilə geri gedərək tənəzzülə uğramış, uzun illər burada çalışan yüksəkixtisaslı kadrlar, eləcə də fəhlələr işdən çıxaraq digər sahələrdə iş axtarmalı olmuşlar. Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra özəl sektorun inkişafına göstərilən diqqət və qayğı nəticəsində müəssisə yenidən fəaliyyətini davam etdirməyə başlamış, inkişaf etmiş ölkələrdən qısa vaxt ərzində müasir avadanlıq gətirilmiş və yeni ixtisaslı kadr hazırlığına start verilmişdir.
M.Yusibov son illərdə dövlətin bu sahəyə ayırdığı diqqət nəticəsində çəkilən əziyyətin qısa müddətdə bəhrəsini verdiyini deyib: “Fabrikimizdə məhsullar yerli xammal hesabına 90 faiz yenilənmiş avadanlıq vasitəsilə istehsal olunur. Burada 6 istehsal sexi fəaliyyət göstərir. Mahlıcdan toxucu sexində tənzif istehsal edilir. Həmin tənzif xüsusi nəzarət altında yuyularaq bükülür, sonra isə satış üçün apteklərə göndərilir”.
Müəssisədə əsasən tibbi steril olmayan hiqroskopik pambıq, steril və steril olmayan tənzif, steril tənziflərdən isə tibbi maskalar istehsal edilir.
Bu gün fabrik tam gücü ilə işləməsə də, Gəncənin sənaye potensialında öz yerini tutur. Burada 160 işçi çalışır ki, onların da əksəriyyətini qadınlar təşkil edir.