Misgərlik sənətini yaşadan Taleh usta: İndiki gənclər bu peşəni öyrənməyə maraqlı deyillər – FOTO VİDEO











Masallı, 5 fevral, İlkin Adıyev, AZƏRTAC
Masallı rayonunun Boradigah qəsəbə sakini Taleh Ağayev yarım əsrdən çoxdur ki, misgərlik sənəti ilə məşğul olur. O, əslən misgərlik sənətinin beşiyi olan İsmayıllının Lahıc qəsəbəsindəndir. Taleh Ağayev Cənub bölgəsində bu peşəni yaşadan yeganə ustadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lahıc qəsəbəsində anadan olan Taleh Ağayev sonradan ailəsi ilə birlikdə Masallıya köçüb. Uşaq yaşlarından misgərliyə həvəs göstərərək, atası usta Nurəddindən bu sənətin sirlərini öyrənib. Ailədə dörd qardaş olsalar da, atasının yolunu təkcə Taleh Ağayev davam etdirib.
“Atam ailəmizi bu sənətlə dolandırıb, misgərliyin bütün sirlərini övladlarına da öyrədib. Sonradan qardaşlarım misgərlikdən uzaqlaşsa da, mən ata sənətini davam etdirdim”, - deyən Taleh usta bildirir ki, indiki gənclər bu peşəni öyrənməyə maraqlı deyillər. Bir-iki dəfə yanına gələn olsa da, bu işi davam etdirməyiblər.
O, emalatxanasında misdən qazan, tava, teşt, samovar, hədiyyəlik kiçik əşyalar və digər qablar hazırlayır. Həmçinin belə əşyaların təmiri ilə də məşğul olur. Əvvəllər mis qablara tələbatın çox olduğunu deyən usta son vaxtlar sifarişlərin sayının azaldığını bildirir: “Əvvəllər misgərlik daha aktual sənət sahələrindən idi. Misdən hazırlanan məişət və zinət əşyaları insanların gündəlik həyatında daha çox yer tuturdu. Lakin yeni texnologiyaların çıxması bu sənətə marağı azaldıb. Bu da satışlarımıza təsir edir. Buna baxmayaraq, fəaliyyətimi genişləndirmək üçün “ABAD”a müraciət etdim, dizayn və satışın təşkili xidmətlərindən yararlanmağa başladım. İndi “ABAD”ın dəstəyi sayəsində misdən hazırlanmış əl işlərim “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılır”.
Usta deyir ki, hazırladığı ən bahalı əşya 1000-1200 manat qiyməti olan mis samovar dəstidir.
İş prosesinə gəldikdə, əvvəlcə xəyalında canlandırdığı hər hansı bir təsvirin eskizini misin üzərində çəkir, sonra isə çəkiclə döyərək onu gözəl sənət əsərinə çevirir. “Misgərlik çətin sənətdir. Mis qabları gərək elə düzəldəsən ki, calağı bilinməsin. Gərək əl qabiliyyətin yüksək ola ki, naxışlarda bir məna yarada biləsən. Müasir dövrün tələblərinə uyğun olaraq müştərilərimiz daha çox misdən hazırlanan kiçik hədiyyələrə üstünlük verirlər”, - deyir Taleh usta.
O, özünün kiçik emalatxanasında bu qədim xalq sənətinin davamçılarını yetişdirmək istəyir: “Arzum budur ki, bu el sənətini yaşadanların sayı çox olsun. Çünki bu sənət bizim qədim tariximizin, adət-ənənələrimizin nişanəsidir”.