SİYASƏT
Serbiya Milli Assambleyası sədrinin müavini: Azərbaycanın demokratik prinsiplərə sadiqliyi danılmazdır VİDEO
Bakı, 8 fevral, AZƏRTAC
Fevralın 8-də Serbiya parlamentinin müşahidə missiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin müşahidəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Serbiya Milli Assambleyası sədrinin müavini, nümayəndə heyətinin rəhbəri Sandra Bozik Azərbaycan xalqını və hökuməti tarixi seçkilər münasibətlə təbrik edib. Bildirib ki, seçkilər texniki səviyyədə çox yaxşı təşkil edilib. Seçkilərin nəticəsi Azərbaycan xalqının vəhdət şəklində birləşdiyini göstərdi. Ona görə də seçki belə gözəl nəticə ilə yekunlaşdı.
“Uzunmüddətli müşahidəçi təcrübəmizə əsasən qeyd edə bilərəm ki, bu seçkilər çox yüksək səviyyədə keçirildi və bütün konstitusion qaydalara əməl edildi”, - deyən S. Bozik Xankəndi və Şuşa şəhərlərində seçki prosesini müşahidə etdiklərini vurğulayıb.
“Biz seçki məntəqələrində prosesin yüksək demokratik standartlara uyğun şəkildə həyata keçirildiyinin şahidi olduq. Burada azad seçkilərin keçirilməsinə mane yaradan hər hansı qanun pozuntusu olmadı. Bu da seçkilərin tam legitim şəraitdə keçirilməsindən xəbər verir. Tərəfimizdən seçki məntəqəsində heç bir insident qeydə alınmayıb. Həmçinin seçki məntəqələrinin ətrafında da hər hansı neqativ hal aşkarlanmayıb. Seçki məntəqəsinin işçilərinə yaxşı təlimlər keçirilib. Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin demokratik prinsiplərə sadiqliyi danılmazdır. Bu seçkilərin tarixi əhəmiyyəti var. Vətəndaşların seçkilərdə iştirak barədə məlumatlılığı da son dərəcə təqdirəlayiqdir”, - deyə S.Bozik əlavə edib.