İDMAN
Avstriya Milli Antidopinq Agentliyinin rəsmisi: Bu sahədə beynəlxalq əlaqələri genişləndirmək istəyirik VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
"Dəvətə görə Azərbaycan Milli Antidopinq Agentliyinə təşəkkür edirik".
AZƏRTAC xəbər verir ki, bu sözləri Avstriya Milli Antidopinq Agentliyinin icraçı direktoru, Mərkəzi Avropa Antidopinq Təşkilatları (CEADO) İdarə Heyətinin sədri Mixael Sepik Bakıda keçirilən “Olimpiya çempionluğuna doğru: təmiz idmanda milli və qlobal baxışlar” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
Funksioner antidopinq sahəsində beynəlxalq əlaqələri genişləndirmək istədiklərini bildirib: “Məqsədimiz idmançıların təmiz halda idmanla məşğul olmasıdır. Yalnız milli antidopinq qurumları, federasiyalar deyil, idmançılar özləri də bu yolda birgə addım atmalıdırlar. Çünki bu dünya idmanı üçün vacib məsələdir. Bunun üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, AMADA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfrans fevralın 23-də işini Qubada davam etdirəcək. Beynəlxalq idman mədəniyyətinin inkişafı, qadın idmançıların beynəlxalq antidopinq sahəsində maarifləndirilməsi müzakirə mövzuları sırasında yer alacaq.