REGİONLAR
Şəkini “stiring art” vasitəsi ilə tanıtmaq istəyən sənətkar FOTO VİDEO
Şəki, 1 mart, AZƏRTAC
Qədim mədəniyyət mərkəzlərindən biri, zəngin xalq tətbiqi sənət ənənələrinə malik Şəki tarixən olduğu kimi, bu gün də sənətkarların sayına görə Azərbaycanda ön sıralardadır. Şəki şəhərində yaranan xalq tətbiqi sənəti növlərinin demək olar, hamısı bu gün də yaşayır və yaşadılır. Bununla yanaşı, şəkili sənətkarlar müasir sənət növlərinə də maraq göstərir, ona özlərinə xas yeni nəfəs, yeni rəng və çalar qatmaqla daha cəlbedici, daha zövqlü edirlər.
AZƏRTAC xəbər verir ki, belə müasir sənət növlərindən biri də “string art”dır. Əməkdaşımız bu günlərdə şəkili sənətkar Nərgiz Əsədullayevanın emalatxanasında olub, onun əl işləri ilə maraqlanıb.
Nərgiz xanım “string art” sənət növünə Şəki sənətkarlarına xas nəfəs verir, bu sənəti daha baxımlı, düşüncəli, cəlbedici edir.
Əsasən tətbiqi sənətin, memarlığın, heykəltaraşlığın tədqiqi ilə məşğul olan sənətkar deyir ki, buna baxmayaraq, hər zaman yeni bir iş görməyə, nə isə ərsəyə gətirməyə meyillidir: “Özümü müxtəlif sahələrdə yoxlamışam. Amma heç biri ürəyimcə deyildi. Pandemiya dövründə bu sənət diqqətimi çəkdi və vaxtımı boşa verməyib onun sirlərini öyrənməyə başladım. Günlər həsr elədim bu işə. Hər dəfə də qəlbimə yaxın olduğunu görürdüm”.
“Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun elmi işçisi Zəminə Rəsulova sənətşünas Nərgiz xanımın əl işləri ilə əvvəldən məlumatlı olduğundan bu barədə daha ətraflı danışır. Deyir ki, Şəkidə sənət və sənətkarlıq gendən gəlir və yaşayan ənənələr istər-istəməz gənclərə də ötürülür. Bu mənada Nərgiz xanım işi ilə önə çıxa bilib, müasir sənət növü olan “string art”a şəkili sənətkarların nəfəsini, çalarını əlavə edib.
Zəminə Rəsulova araşdırmalarına istinad edərək bildirir ki, dünyanın bir çox ölkələrində bu sənətlə məşğul olan sənətkarlar var. Sevindirici haldır ki, Şəki də bu yenilikdən geri qalmır. Şəkili sənətkarlar arasında 2017-ci ildə Məmməd Qasımov adlı sənətkar bu işə başlayıb. Onun hazırladığı ilk əsər Ulu Öndər Heydər Əliyevin portreti olub. Məmməd Qasımov həyatını dəyişəndən sonra bu sənəti Nərgiz Əsədullayeva davam etdirib. Əgər Məmməd Qasımov monoton rənglərlə işləyirdisə, Nərgiz bu sənətə rəng çalarları qatıb. Onun işlərində rəngarənglik, xanım zövqü, incəlik hiss edilir.
Şəkidə şəbəkə sənətinin ustadlarından sayılan Soltan İsmayılov müasir sənət növünün incəlikləri ilə ilk dəfə tanış olduğunu etiraf edir və bir sıra sənət növləri ilə müqayisə aparır. Nəticə etibarilə hər çalarda, hər ilmədə rənglərin insana zövq verdiyini bildirir. Şəbəkə ustası böyük zəhmət hesabına ərsəyə gələn əl işlərini yüksək qiymətləndirir.
Bu arada Nərgiz xanım bizə əl işlərindən bəhs edərkən qarşılaşdığı çətinliklərdən də danışmağı unutmur. Əlindəki əsəri göstərərək, “Bəlkə bunu on dəfə sökmüşəm. Elə olub ki, hətta mismarları belə söküb, daha fərqli üslubda yenidən işləmişəm”, - deyir.
Sənətşünas Nərgiz Əsədullayeva gələcək planlarından da danışır. Qədim tarixə və zəngin mədəniyyətə malik Şəkini “stiring art” vasitəsilə tanıtmaq və bu sənətə yeni çalarlar, yeni rənglər əlavələr etməklə tamaşaçıya daha yaxın olmaq istəyir.