Maria Fernanda Espinoza: COP29-un sonunda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına şahidlik edəcəyimizə inanıram VİDEO
Bakı, 15 mart, AZƏRTAC
İnanıram ki, COP29-un sonunda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına şahidlik edəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
İqlim dəyişmələrinin geosiyasi məsələlərdə rolunu vurğulayan M.F.Espinoza fikirlərinə belə davam edib: “İqlim yalnız ətraf mühit məsələsi deyil, siyasi və iqtisadi təsirlərə də malikdir. Buraya bizim istədiyimiz yaşam tərzi də daxildir. COP29-da bu məsələlərə də baxılacaq.
Bizim əlimizdə texnologiyalar var, bərpaolunan enerji getdikcə ucuzlaşır və əlçatan olur. Aşağı karbonlu enerjiyə keçid maliyyə vəsaiti tələb edir. Qida zənciri və sənaye siyasəti də bunu dəstəkləməlidir. Azərbaycan, Braziliya və BƏƏ bir araya gələrək bu işin məntiqi davamını əlaqələndirirlər”.