REGİONLAR
Füzuli şəhərində İlaxır çərşənbə qeyd olunub FOTO VİDEO
Füzuli, 19 mart, Aydın Yavərzadə, AZƏRTAC
Uzun illər düşmən tapdağı altında qalan qaranlığa qərq olan yurd yerlərimiz artıq azadlığının baharına qədəm qoyub. Novruzun gəlişi bu il digər bölgələrdə olduğu kimi, Qarabağda da doğma sakinləri tərəfindən qeyd edilir. Füzuli sakinləri də Novruzu öz doğma elində böyük coşqu ilə qarşılayırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli şəhərində İlaxır çərşənbə olan Torpaq çərşənbəsinin tonqalı qalanıb. Pəhləvanların və kəndirbazın çıxışları maraqla qarşılanıb. Qədim məişət əşyaları, kilim və xalçalar digər sənət nümunələri sərgilənib. Milli geyimdə olan gənclər cəngi sədaları ilə Qarabağ atları belində Azərbaycan Bayrağını dalğalandıraraq meydana gəliblər. Kosa və Keçəlin duzlu-məzəli söhbətləri insanların gülüşünə səbəb olub.
Çıxışlarda hər bir ailəyə ruzi-bərəkət, sevinc arzulanıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq qələbəyə nail olan Ordumuzun sayəsində torpaqlarımız işğaldan azad edilib və artıq Novruz ölkəmizin hər yerində qeyd olunur. Həmçinin çıxışlarda düşmən tapdağından azad olunan rayonlarda aparılan tikinti-quruculuq işlərindən danışılıb.
Şənliyə gələn Bahar qız təbrikini çatdırıb. Bayram şənliyi incəsənət ustalarının konsert proqramı ilə davam edib.