FHN: Balıq tutarkən ehtiyatsızlıqdan gölə düşən vətəndaş xilas edilib VİDEO
Bakı, 30 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində Qırmızı göldə bir nəfər vətəndaşın balıq tutarkən ehtiyatsızlıqdan suya düşməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində göldə batma təhlükəsində olan vətəndaş 1964-cü il təvəllüdlü Hacıyev Rahil Zöhrab oğlu dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.