REGİONLAR
“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO
Laçın, 25 aprel, Aydın Yavərzadə, AZƏRTAC
İşğaldan azad olunmuş ərazilərimizdə ilk dəfə olmaqla Laçında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Laçında peşə öyrən!” adlı peşə yarmarkası keçirilib. Yarmarka Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, peşə yarmarkası Laçın şəhəri Həkəri çayı sahilində açıq havada təşkil olunub.
Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev, Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, işəgötürənlər və tədris müəssisələrinin nümayəndələri iştirak ediblər.
Peşə yarmarkasında Laçın şəhəri və Laçının Zabux kəndi əhalisinə rayonda fəaliyyət göstərən 15-ə yaxın işəgötürən tərəfindən 40-dan çox peşə istiqaməti təqdim olunub, ustad dərsləri keçirilib.
Yarmarkaya qatılan şəxslərə peşələr və həmin istiqamətlər üzrə tədrisin həyata keçirildiyi müəssisələr barədə məlumat verilib. Bildirilib ki, Agentlik işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün peşə kurslarının təşkili işlərini davam etdirir. Kurslara cəlb edilən şəxslərə əmək bazarının tələblərinə uyğun peşələr üzrə bilik və bacarıqlar öyrədilir. Kursları bitirənlərin işlə təminatına da dəstək göstərilir.
Yarmarka çərçivəsində, həmçinin “Azərsun Holdinq”in mili markası olan “Azerçay”la birgə “Doğma Laçında çay festivalı” adlı korporativ sosial məsuliyyət layihəsi də həyata keçirilib. İştirakçılar üçün çay sərgisi, milli mətbəx guşəsi təşkil edilib.
Tədbir konsert proqramı ilə davam edib.