REGİONLAR
30 ildir Kosa, 20 ildir Keçəl obrazlarını canlandırırlar - FOTO VİDEO
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617109126814685162362_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617109126816272255925_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617109126812539651515_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617109126823278754896_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617109126824726762023_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617109126824822248620_1200x630.jpeg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617109126824154639664_1200x630.jpeg)
Gəncə, 20 mart, Elcan Məmmədov, AZƏRTAC
Novruz bayramının əsas personajları Kosa və Keçəl sayılır. Onların bir-biriləri ilə şən zarafatları, məzhəkəli söhbətləri bayrama xüsusi rəng qatır. Novruz bayramında bu obrazlar təbiətin oyanış dövründə gülüş, səmimiyyət doğurur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Dram Teatrının aktyorları Akif Səfərov və İnqilab Səttarov illərdir el şənliklərində və tamaşalarda Kosa və Keçəl obrazını canlandırırlar.
Akif Səfərov canlandırdığı Kosa obrazı ilə insanların, xüsusən də uşaqların sevincinə səbəb olduğu üçün bu işdən zövq aldığını deyir: “1972-ci ildən Gəncə Dövlət Dram Teatrının aktyoru kimi fəaliyyət göstərirəm. 50 illik aktyorluq fəaliyyətimdə daha çox komik obrazları canlandırmışam. Təxminən 30 ilə yaxındır ki, hər il Kosa obrazına həyat verirəm. Kosa ilə Keçəl uşaqlar tərəfindən hər zaman maraqla qarşılanıb”.
Onun sözlərinə görə Novruz bayramı deyəndə yada Kosa və Keçəl düşür. Təbiətin oyanmasının xəbərçiləri olan bu obrazlar insanlara gülüş və sevinc bəxş edir, bayram ab-havası yaradırlar.
İnqilab Səttarov isə deyir ki, 20 ilə yaxındır Keçəl obrazını böyük həvəslə canlandırır. “Canlandırdığım obraz hiyləgər və Kosanı aldadıb onun yerini almaq istəyir. Keçəl gülməli atmacalar və maraqlı deyişmələrlə Kosanı yola salır. Yəni qış öz yerini yaza verir. Hər bir işin çətin və asan tərəfləri var əsas odur ki, işimizi sevirik”, - deyə o əlavə edir.
Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-biri ilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə Keçəlin məzhəkəsinin rəmzi mənası da bundan ibarətdir.
Həmsöhbət olduğumuz Akif Səfərov və İnqilab Səttarov qrim olunduqdan sonra xüsusi hazırlanmış paltarları geyinərək, Novruz şənliyinə tələsirlər. Axı, onları insanlar onları gözləyirlər. Beləcə Kosa və Keçəl özlərini şənlik yerinə çatdırırlar və duzlu-məzəli zarafatları ilə insanların, xüsusilə də balacaların bayram sevincinə əlavə rəng qatırlar.