Hande Harmancı: Azərbaycanda epidemioloji nəzarət və profilaktik tədbirlər ciddi şəkildə həyata keçirilir VİDEO
Bakı, 25 iyul, AZƏRTAC
COVID-19-un Fransada yenidən yayılması xəbər verilir. Bu vəziyyət Azərbaycanda da potensial risklər yarada bilər, çünki beynəlxalq səfərlər və əlaqələr xəstəliyin sürətlə yayılmasına səbəb ola bilər. Buna görə də Azərbaycanda epidemioloji nəzarət və profilaktik tədbirlər ciddi formada görülür və görülməkdədir. Peyvəndləmə proqramları və xəstəliyin monitorinqi davam edir. Bu tədbirlər virusun Azərbaycanda yenidən yayılmasının qarşısını almaq və cəmiyyətin sağlamlığını qorumaq məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ÜST-nin Azərbaycandakı nümayəndəsi və ölkə ofisinin rəhbəri Hande Harmancı jurnalistlərə müsahibəsində bildirib.
H.Harmancının sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatların vahid sağlamlıq yanaşması insanların, heyvanların və ətraf mühitin sağlamlığını bir-birinə bağlı olaraq görür: “Bu yanaşma xəstəliklərin qarşısının alınmasında və diqqətdə saxlanılmasında mühüm rol oynayır. Azərbaycanda epidemioloji vəziyyətin qiymətləndirilməsi və potensial təhlükələrin qarşısının alınması üçün bu sahədə çalışan bütün qurumlar arasında sıx əməkdaşlıq vacibdir. Xəstəliklərin yayılmasının qarşısını almaq üçün beynəlxalq təşkilatlarla və digər ölkələrlə məlumat mübadiləsi də önəmlidir”.