REGİONLAR
Laçında 950-dən çox sakinin məşğulluğu təmin edilib VİDEO
Laçın, 26 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində doğma yurd yerlərinə - Laçın şəhərinə və Laçının Zabux və Sus kəndlərinə köçürülən sakinlərin də aktiv məşğulluq proqramları ilə əhatə olunması işləri davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir. Laçına köçürülən sakinlərdən artıq 954 nəfər məşğulluğu təmin olunub. O cümlədən, 32 sakin üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub. 39 sakin üçün isə peşə hazırlığı kursları təşkil edilib. Hazırda daha 255 sakinin məşğulluğuna dəstək işləri aparılır.
Laçına köçürülən sakinlərin məşğulluq xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi də açılıb.