31 mart - Azərbaycanlıların Soyqırımı Günü Daşkəsəndə dərin hüznlə anılmışdır
Daşkəsən, 30 mart (AZƏRTAC). 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Daşkəsən rayonunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev bildirmişdir ki, iki əsrdən çoxdur xarici havadarlarının köməyi ilə ermənilər Azərbaycan torpaqlarına təcavüz edir, türk dünyasının əleyhinə müxtəlif yollarla mübarizə aparırlar. Bütün tarixi məqamlarda onlar “böyük Ermənistan” xülyası ilə yaşamışlar. Bu müddətdə onlar azərbaycanlılara və türklərə amansız rəftarı, qəddarlığı ilə bir erməni xofu yaratmağa çalışmış, soyqırımı, terror aktları törətmişlər.
Natiq vurğulamışdır ki, xalqımızın başına gətirilən faciələrə siyasi-hüquqi qiyməti 1998-ci il 26 mart tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyev vermişdir. Prezident İlham Əliyev bu xətti qətiyyətlə davam etdirir, beynəlxalq aləmdə ermənilərin fitnəkarlığının ifşasında, erməni vəhşilikləri barədə həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılmasında səylərini əsirgəmir.
A.Mürsəlov adına 2 nömrəli orta məktəbin müəllimi Duman Mahmudova, Ermənistandan 1948-1953-cü illər deportasiyasına məruz qalmış Allahyar Rüstəmov, Yuxarı Daşkəsən qəsəbə orta məktəbinin tarix müəllimi Arif Abdullayev ermənilərin insanlığa qarşı cinayətlərindən danışmış, beynəlxalq ictimaiyyəti həqiqəti dəstəkləməyə çağırmışlar. Natiqlər bu hadisələrin bir daha təkrarlanmaması üçün milli birliyin, vətənin ərazi bütövlüyünün qorunması naminə vətəndaş həmrəyliyinin vacibliyini vurğulamışlar.