Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranları kateqoriyasına aid 11800 nəfər üçün kiçik bizneslər yaradılıb VİDEO
Quba, 11 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi şəhid ailələri və müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik təsərrüfatlara növbəti mediatur təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, jurnalistlər bu dəfə Quba və Qusar rayonlarında şəhid ailələri və müharibə veteranları üçün qurulan kiçik təsərrüfatlarla tanış olublar. Onlara tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin, müharibə veteranlarının sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib.
Qeyd olunub ki, bu tədbirlər çərçivəsində postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 23,7 min şəxsin məşğulluğu təmin edilib, onlardan 11,8 min şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslər yaradılıb. Həmin kateqoriyalara aid 1000-dək şəxs isə peşə hazırlığı kurslarına cəlb olunub.
Media nümayəndələri əvvəlcə Vətən müharibəsi veteranı Mirsəlim Məmmədovun xidmət sahəsində olublar. O, özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlarla təmin olunaraq kiçik dərzi sexi yaradıb.
Jurnalistlər Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Murad İskəndərovun atası Əliağa İskəndərov və müharibə veteranı Rəcbər İsrafilov üçün yaradılmış kiçik təsərrüfatlarla da tanış olublar. Özünüməşğulluq proqramı üzrə aktivlərlə təmin edilən Ə.İskəndərov aqroturizm, R.İsrafilov isə dönərxana istiqaməti üzrə öz kiçik biznes sahələrini qurublar.
Proqram iştirakçıları dövlətin dəstəyini hər zaman hiss etdiklərini bildirib, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərə, həmçinin öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.