CƏMİYYƏT
FHN: Bakıda fərdi yaşayış evinin qazanxanasında baş verən yanğın söndürülüb VİDEO
Bakı, 16 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda fərdi yaşayış evinin qazanxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ikimərtəbəli fərdi yaşayış evinə bitişik qazanxanada yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində qazanxanada olan kombi aparatı, generator və su çəninin qapaq hissəsi yanıb. Partlayış dalğasının təsirindən qazanxananın dəmir konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğrayıb, qarajın jalüz qapısı və həyətin giriş darvazası yerindən çıxıb, evin birinci mərtəbəsində pəncərə şüşələri qırılıb.
Fərdi yaşayış evi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.